Valyuta bazarında kəskin dalğalanmaların davam etdiyi və sərbəst bazarda dolların 263-268 min tümən aralığında olduğu bir vaxtda Tehran polisi valyuta bazarı fəallarının həbsinin nəzərəçarpacaq dərəcədə artdığını açıqlayıb.
Böyük Tehran İqtisadi Təhlükəsizlik Polisinin rəisi Mehdi Əfşari ISNA agentliyinə bildirib ki, cari ilin əvvəlindən həbslərin sayı ötən ilə nisbətən təxminən 40-50 faiz artıb. Onun sözlərinə görə, polis açıq və gizli patrullar vasitəsilə «dəllal» və «valyuta sisteminə xələl gətirənlər» adlandırdığı şəxsləri müəyyən edir.
Bu təhlükəsizlik tədbirləri Mərkəzi Bankın 11 mehrdən (3 oktyabr) beş bankda hər şəxsiyyət vəsiqəsi üzrə 10 min dollara qədər valyuta satışına başladığı bir şəraitdə güclənib. Bu kvota üzrə bank məzənnəsi ilə sərbəst bazar məzənnəsi arasındakı fərq on milyonlarla tümənə çata bilər; bu məsələ bir sıra parlament deputatlarının da tənqidinə səbəb olub.
Sərbəst bazarda dollar son günlər 270 min tümən həddindən aşağı qalıb, lakin indiyədək heç bir rəsmi şəxs valyuta məzənnəsinin son vaxtlar enməsini həbslərin artmasının nəticəsi kimi dəyərləndirməyib.