ArazNews
ArazNews
Azərbaycan Milli Müqavimət Təşkilatı Xəbər Agentliyi
Ana Səhifə / Xəbər / Qalibaf İranda “terror” və “iqtisadi partlayış” təhlükəsindən narahatlığını ifadə etdi
Xəbər

Qalibaf İranda “terror” və “iqtisadi partlayış” təhlükəsindən narahatlığını ifadə etdi

 Qalibaf İranda “terror” və “iqtisadi partlayış” təhlükəsindən narahatlığını ifadə etdi


İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf yeni yayımladığı səsli mesajda mümkün “hərbi və terror hücumları” barədə xəbərdarlıq edərək xalqı iqtisadi və müharibə şəraitinin öhdəsindən gəlmək üçün səfərbər olmağa çağırıb. Bu açıqlamalar İran rejimi rəhbərliyinin artan daxili narazılıq, ağır inflyasiya və iqtisadi təzyiqlərlə bağlı narahatlığını göstərir.

ArazNews-un məlumatına görə, Qalibaf ABŞ-ın “dəniz mühasirəsi” və iqtisadi təzyiqlərinə toxunaraq bildirib ki, hakimiyyət hərbi hücum və “terror əməliyyatları” ehtimalını az hesab etmir.


O eyni zamanda etiraf edib ki, əsas təzyiq artıq İranın daxili iqtisadi vəziyyətinə yönəlib və qarşı tərəf iqtisadi böhran vasitəsilə daxili birliyi zəiflətməyə çalışır.


İran parlamentinin sədri dolayısı ilə yaşayış şəraitinin ağırlaşdığını da qəbul edib və əhalini “qənaətə” çağırıb. Bu çağırış son günlər əsas ərzaq məhsulları, valyuta və xidmət qiymətlərinin ciddi şəkildə artdığı bir dövrdə səsləndirilib.


Qalibaf mesajının başqa hissəsində müharibənin iqtisadi nəticələri ilə bağlı narahatlığını ifadə edərək hökumətdən qiymət artımları və iqtisadi proqramlarla bağlı xalqa izahat verməsini istəyib ki, onun sözlərinə görə, “ictimai rahatlıq” yaransın.


O həmçinin insanları pandemiya dövründə olduğu kimi yardım kampaniyaları təşkil etməyə çağırıb və “Bəsic” qüvvələrinin geniş şəkildə prosesə qoşulmasını istəyib. Qalibafın “yardımlaşma”, “qənaət” və “Bəsic”in rolu barədə təkrar vurğuları hakimiyyətin sosial narazılıqların daha da dərinləşməsindən və iqtisadi vəziyyətin ağırlaşmasından ciddi şəkildə narahat olduğunu göstərir.