Məcid Cavadı Araz: İran “fırtına öncəsi səssizlik” mərhələsindədir

9 gün əvvəl 2 dəq oxu Editorial Board
Məcid Cavadı Araz: İran “fırtına öncəsi səssizlik” mərhələsindədir


Azərbaycan Milli Müqavimət Təşkilatı – Dərnişin sözçüsü yeni müsahibəsində İranın daxili böhranlarını və bölgədə artan gərginliyi təhlil edib, eyni zamanda azərbaycanlı siyasi məhbusların vəziyyəti ilə bağlı xəbərdarlıq edib.


Məcid Cavadı “BAO TV”yə müsahibəsində İran və regiondakı mövcud vəziyyəti “fırtına öncəsi səssizlik” kimi dəyərləndirib və üç əsas istiqaməti önə çıxarıb: “daxili repressiyalar”, “Tehranda liderlik böhranı” və “yeni hərbi qarşıdurma ehtimalı”.

▪️ Həbsxanalarda ağır vəziyyət və yeni edam dalğası

Araz Təbriz, Urmiya və Tehrandakı siyasi məhbusların durumunun ağır olduğunu bildirib və qeyd edib ki, bir çox azərbaycanlı fəal qeyri-insani şəraitdə, tibbi xidmət və düzgün qidalanma imkanından məhrum vəziyyətdə saxlanılır. O, xüsusilə Yaqub Kərimpurun edamına toxunaraq bunu rejimin qorxu yaratmaq siyasətinin bir hissəsi kimi qiymətləndirib.


▪️ Hörmüz çıxılmazı və psixoloji müharibə

O, Hörmüz boğazının bağlanmasına da toxunaraq bildirib ki, bu vəziyyət iqtisadi baxımdan həm dünya, həm də İran üçün ağır nəticələr yaratsa da, Tehran bunu Qərbə qarşı “psixoloji üstünlük” kimi istifadə edir. Onun fikrincə, bu vəziyyət uzunmüddətli olmayacaq və yeni hərbi hərəkətlərlə dəyişə bilər.


▪️ Hakimiyyətdə parçalanma və varislik böhranı

Müsahibənin əsas hissələrindən biri İran rəhbərliyindəki qeyri-müəyyənlik olub. Araz Əli Xameneidən sonrakı dövrə toxunaraq hakimiyyət daxilində ciddi parçalanma olduğunu iddia edib.

O deyib: «Bu gün real güc Sepah komandirlərinin əlində cəmlənib və müxtəlif qruplar – sərt xətt tərəfdarları, Pezeşkian kimi daha yumşaq xətt və Qalibaf çevrəsi arasında ciddi fikir ayrılıqları mövcuddur.»


Sonda o vurğulayıb ki, regionda hərbi hazırlıqlar və ABŞ ilə İsrailin güc balansını dəyişmək istəyi fonunda yeni gərginlik dalğası ehtimalı yüksəkdir. O qeyd edib ki, Azərbaycan milli hərəkatı bu prosesləri diqqətlə izləyir və keçid dövründə milli və insani hüquqların qorunmasını prioritet sayır.