İran hakimiyyətinə yaxın mənbələr ABŞ ilə mümkün memorandumda İranın dondurulmuş vəsaitlərindən 12 milyard dolların dərhal azad edilməsinin nəzərdə tutulduğunu iddia etsələr də, ABŞ rəsmiləri bildirirlər ki, bu vəsaitlərin açılması yalnız İranın nüvə proqramı ilə bağlı yekun razılaşmadan sonra mümkün olacaq.
ArazNews-un məlumatına görə, ABŞ rəsmiləri İran tərəfinin iddialarını rədd edərək bildiriblər ki, yekun razılaşma əldə olunmadan heç bir ödəniş və ya aktivlərin azad edilməsi baş tutmayacaq. Onların sözlərinə görə, İranın bloklanmış maliyyə resurslarına çıxışı yalnız nüvə proqramı ilə bağlı genişmiqyaslı razılaşmanın bir hissəsi ola bilər.
Bu fikir ayrılığı Tehran və Vaşinqtonun son günlər mümkün memorandumun məzmunu barədə fərqli mövqelər ortaya qoyduğu bir vaxtda gündəmə gəlib. Tərəflər xüsusilə Hörmüz boğazı, İranın nüvə proqramı və öhdəliklərin icra mexanizmi ilə bağlı müxtəlif açıqlamalar verirlər.