ABŞ-ın maliyyə naziri Skott Bessent çərşənbə günü axşam X sosial şəbəkəsində yerləşdirdiyi paylaşımda İran İslam Respublikasını «batmaqda olan gəmiyə bənzəyən» hakimiyyət kimi səciyyələndirib. Onun sözlərinə görə, bunun səbəbi rejimin artıq «satmaq üçün suda bir damla belə neftinin qalmamasıdır».
O, bu vəziyyəti ABŞ-ın İranı iqtisadi mühasirəyə almaq və onun maliyyələşmə şəbəkələrini kəsmək siyasətinin nəticə verməsi ilə əlaqələndirib.
Skott Bessent yazıb: «İran rejimi batmaqda olan gəmiyə bənzəyir. Maliyyə Nazirliyi avqust ayında "iqtisadi təcrid əməliyyatı"na başladığı vaxtdan bəri İran hətta bir tankeri belə yükləyə bilməyib və artıq satmaq üçün suda bir damla belə nefti yoxdur».
ABŞ-ın maliyyə naziri həftənin əvvəlində dərc etdiyi digər paylaşımlarda Maliyyə Nazirliyinin Tehran rejiminin həyati əhəmiyyətli maliyyə arteriyalarını kəsməyə davam edəcəyini vurğulamışdı.
O yazıb: «İran iqtisadiyyatı çökür və onun liderləri vahimə içindədir. İrandakı kölgə bankçılıq sistemi müflis olmuş rejim üçün son həyati maliyyə arteriyasıdır. Maliyyə Nazirliyi ilanın başını basdırana qədər bu qanunsuz şəbəkələri dağıtmağa davam edəcək».