İraq ordusu hökumət qüvvələrinin Curf əs-Saxr bölgəsində yerləşdirildiyini açıqlayıb. Babil vilayətində yerləşən bu bölgə son illər ərzində İran İslam Respublikasına yaxın olan silahlı Kətaib Hizbullah qruplaşmasının nüfuzu altında olub.
İraqın rəsmi xəbər agentliyinin məlumatına görə, Silahlı Qüvvələrin Ali Baş Komandanının sözçüsü Səbah ən-Numan noyabrın 21-də, şənbə günü ordunun 38-ci briqadasının və enerji polisi bölmələrinin Curf əs-Saxrda yerləşdirildiyini bildirib.
Məlumata əsasən, yeni qüvvələr bölgənin təhlükəsizliyinin təmin olunması və neft kəmərlərinin mühafizəsi üzrə məsuliyyəti öz üzərinə götürüb. Digər polis bölmələrinin və Həşd əş-Şabinin yerləşdirilməsi isə hazırda başa çatdırılır.
Bu addım İraq hökuməti ilə Kətaib Hizbullah arasında gərginliyin artmasından sonra atılır. Qruplaşma daha əvvəl bölgəni tərk etməsi üçün Bağdadın təzyiqi ilə üzləşmişdi.
İraq hökumətinin bu dəyişikliklərdən məqsədi təhlükəsizlik nəzarətinin gücləndirilməsi, yolların açılması və bölgənin infrastrukturunun bərpası kimi açıqlanıb. Bununla belə, Kətaib Hizbullah qüvvələrinin bölgədən tam çıxması hələ təsdiqlənməyib.