Sanksiyaya məruz qalmış «Olim» tankeri noyabrın 17-də, çərşənbə axşamı Xark adasının cənubunda neft yükünü «Hao Fan» tankerinə ötürüb. «Nüvə İranına Qarşı Birlik» (UANI) təşkilatının məlumatına görə, bu əməliyyat zamanı hər iki gəminin mövqe ötürücüləri söndürülmüşdü. ABŞ-ın sanksiya siyahısında olmayan «Hao Fan» mövqeyini saxtalaşdıraraq özünü Omanın Şinas limanı yaxınlığında göstərir.
Təşkilatın məsləhətçisi Çarli Braun bu əməliyyatı ABŞ-ın iyulun ortalarında İran limanlarının blokadasını bərpa etməsindən bəri aşkarlanan ilk neft ötürülməsi adlandırıb. TankerTrackers izləmə saytının təsisçilərindən Samir Mədəninin sözlərinə görə, tanker blokadanı keçə bilsə, bu, həmin vaxtdan bəri İran xam neftinin dəniz yolu ilə ilk uğurlu ixracı olacaq.
ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) bir gün sonra xəbərdarlıq edib ki, İran yükünü «gəmidən gəmiyə» üsulu ilə qəbul edən gəmilər saxlanıla, yoxlanıla, istiqamətini dəyişməyə məcbur edilə və ya müsadirə oluna bilər.