İran prezidenti Məsud Pezeşkian noyabrın 25-də, çərşənbə günü Xorasan-Rəzəvi əyalətinin investorları və iş adamları ilə görüşdə hökumətin maliyyə, mədəniyyət və siyasət sahələrində əyalətlərə daha çox səlahiyyət verməyə çalışdığını bildirib. O, imkanların paytaxtda cəmləşməsinə toxunaraq deyib: «Mənim inancım budur ki, İran təkcə Tehran deyil».
Nur News-un məlumatına görə, Pezeşkian səlahiyyətlərin ötürülməsinin universitetləri və bankları da əhatə etməli olduğunu, yerli rəhbərlərin isə öz qərarlarına görə hesabat verməli olduğunu deyib. O, rəhbərləri özlərini «öz bölgələrinin prezidenti» kimi görməyə çağırıb. Pezeşkian bu görüşdə hansı qərarların mərkəzi hökumətdən əyalətlərə veriləcəyini və ya bu prosesin nə vaxt başlayacağını açıqlamayıb.
Son həftələrdə hakimiyyət daxilindəki radikal cərəyanlar, o cümlədən Paydari Cəbhəsi Pezeşkiana qarşı hücumlarını gücləndirib. Əli Əkbər Raifipur ana dilində təhsil layihəsini federalizm və İranın parçalanması təhlükəsi ilə əlaqələndirib, Əbdülrza Davəri isə Pezeşkian ilə Azərbaycan Milli Hökumətinin mərhum rəhbəri Cəfər Pişəvərinin birləşdirilmiş fotosunu yayaraq Pezeşkiana qarşı «separatçılıq» ittihamlarını qızışdırıb.
Pezeşkianın bu görüşdə irəli sürdüyü fikir İslam Respublikasının qanunları çərçivəsində əyalət valilərinin və yerli rəhbərlərin səlahiyyətlərinin artırılmasından ibarət olub. Mərkəzləşdirmə siyasətini tənqid edənlərin fikrincə, bu yanaşma əyalətlərin idarə olunmasında təhlükəsizlik baxışının üstünlüyünü azalda bilər, lakin bir çox demokratik ölkədəki desentralizasiyadan xeyli uzaqdır: həmin ölkələrdə hər bölgənin büdcəsi və inkişaf prioritetləri barədə qərarları o bölgənin əhalisinin seçdiyi qurumlar qəbul edir.