Araznews: Cənubi Azərbaycanın «Traktor» futbol komandası noyabrın 2-də, bazar ertəsi axşamı Asiya Çempionlar Liqası Elit turnirindəki dördüncü oyununda Özbəkistanın Fərqanə «Neftçi»si ilə 2:2 hesablı heç-heçə edib. Görüş Omanın Məskət şəhərindəki «Sultan Qabus» stadionunda keçirilib.
«Neftçi» 55-ci dəqiqədə Stipe Peritsanın qolu ilə önə keçib, lakin Tomislav Ştrkalj 82-ci dəqiqədə «Traktor»un bərabərlik qolunu vurub. Özbəkistan təmsilçisi 90+4-cü dəqiqədə Yovoviçin qolu ilə yenidən rəqibini qabaqlayıb.
On nəfərlə oynayan «Traktor» məğlubiyyət ərəfəsində olarkən Məsud Kazemini 90+8-ci dəqiqədə qırmızı formalıların ikinci qolunu vuraraq Cavad Nekunamın komandasını məğlubiyyətdən xilas edib.
Bu nəticə ilə «Traktor» dörd oyundan sonra 2 xal toplayaraq Asiya Çempionlar Liqası Elit turnirində hələ də ilk qələbəsini gözləyir. Bu görüş həm də Türk dünyası coğrafiyasından olan iki komandanın – Azərbaycan və Özbəkistan təmsilçilərinin qarşılaşması idi.