İran Statistika Mərkəzinin son məlumatlarına əsasən, Şərqi Azərbaycan və Zəncan ostanlarında 1405-ci ilin mehr ayında aylıq inflyasiya 5,7 faiz olub. Bununla da bu iki ostan istehlak mallarının və xidmətlərin qiymətlərində aylıq artım sürətinə görə İran ostanları arasında ilk yeri tutub.
İran Statistika Mərkəzinin məlumatlarına görə, bu göstərici İranda orta aylıq inflyasiyanın 4,4 faiz olduğu bir vaxtda qeydə alınıb. Şərqi Azərbaycanda şəhrivər ayında da inflyasiya 5,8 faiz olmuşdu. Bu tendensiya bölgədəki ailələrə ağır bahalıq təzyiqinin davam etdiyini göstərir.
Rəsmi statistikaya əsasən, İranda illik müqayisəli inflyasiya 88,7 faizə, illik inflyasiya isə 76,8 faizə çatıb. Təhsil, nəqliyyat və xidmət xərclərinin artması, rialın dəyərinin kəskin düşməsi və istehsal problemləri vətəndaşların güzəranına əlavə təzyiq göstərib.
Təbriz Ticarət Palatasının sədri Yunus Jaələ də daha əvvəl kəskin staqflyasiya, valyuta problemləri, vergi yükü və istehsalçıların bank resurslarına çıxışının məhdudlaşması barədə xəbərdarlıq etmişdi.
Statistikadan kənara baxanda görünür ki, Cənubi Azərbaycandakı güzəran böhranı İranda iqtisadi mərkəzləşmə, eləcə də hakimiyyətin və resursların bölgüsü məsələsini yenidən gündəmə gətirir. Mərkəzçi siyasətin tənqidçiləri bölgələrin real iqtisadi səlahiyyətlərdən məhrum olmasını və əsas qərarların Tehrandan asılı olmasını siyasi ədəbiyyatda «daxili müstəmləkəçilik» adlanan strukturun bir hissəsi hesab edirlər.