İntizam Komitəsi Malavan və Traktor Azərbaycan arasındakı matçın nəticəsini Malavanın xeyrinə 3:0 hesabı ilə elan edib. Eyni zamanda, Malavan klubu azarkeşlərinin irqçi davranışlarına görə iki xalın çıxılması və 1 milyard tümən cərimə ödənilməsi cəzasına məhkum edilib.
Malavan həmçinin iki ev oyununu yalnız qadın azarkeşlərin iştirakı ilə keçirməlidir. Bu komandanın azarkeşləri də cavab oyununda Traktor Azərbaycanın ev stadionuna gəlməkdən məhrum ediliblər.
Bu qərara əsasən, Traktor klubu meydana çıxmadığına görə 2 milyard tümən cərimə ödəməyə məhkum edilib. Traktor azarkeşləri də gələn mövsüm Malavanın ev stadionuna gəlməkdən məhrum ediliblər. Traktor azarkeşlərinin hansı səbəbdən və hansı davranışına görə Traktor Azərbaycan komandasının bu cəzaya məruz qaldığı isə məlum deyil.
Azərbaycan milli fəalları daha əvvəl xəbərdarlıq etmişdilər ki, Traktorun bu matçda məğlub elan edilməsi İran Futbol Federasiyası tərəfindən irqçi davranışların təsdiqlənməsi və onlara legitimlik qazandırılması anlamına gələcək.