SEPAH-ın Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində yeddi gəmiyə hücumun məsuliyyətini üzərinə götürüb. SEPAH iddia edir ki, bu gəmilər Hörmüz boğazından keçid qaydalarını pozub. SEPAH-ın iddiasına görə, dörd gəmi Körfəzin şimalında və mərkəzində gəmidən gəmiyə neft ötürülməsi zamanı eyni vaxtda hədəfə alınıb və hazırda alov içində yanır.
SEPAH daha üç gəminin ötən gecə Hörmüz boğazının qərbində minaya toxunaraq alovlandığını iddia edib. Tehran əvvəllər də bu kimi hadisələrin çoxunu minaların üzərinə atmışdı, lakin ABŞ onların səbəbkarı kimi raket və PUA-ları göstərir.
SEPAH gəmilər Tehranın «qadağan» saydığı marşrutlarla hərəkət edəcəyi təqdirdə regiondakı ABŞ bazalarını hədəfə alacağı ilə hədələyib. İlkin məlumatlara görə, Hörmüz boğazının sahilində, o cümlədən Sirikdə bir neçə mövqeyə qabaqlayıcı zərbə endirilib. Həmin anda raket heyətləri ticarət gəmilərinə atəş açmağa hazırlaşırdı.