Amerikalı milyarder və "SpaceX" kosmik şirkətinin qurucusu İlon Mask süni intellektin, robotların və kosmik fəaliyyətlərin genişlənməsi ilə pulun bugünkü formada öz əhəmiyyətini itirəcəyini proqnozlaşdırıb.
Mask oktyabrın 20-də yayımlanan, tərcümeyi-halının müəllifi Uolter Ayzeksonla müsahibəsində bildirib ki, robot texnologiyalarının inkişafı və kosmik resurslardan istifadə Yerin hazırkı iqtisadiyyatından bir milyon dəfəyədək böyük iqtisadiyyat yarada bilər.
O vurğulayıb ki, belə bir gələcəkdə mövcud valyutalar öz əhəmiyyətini itirəcək, iqtisadi dəyər isə enerji, güc və kütlə kimi meyarlar əsasında ölçülə bilər.
Mask həmçinin proqnozlaşdırıb ki, gələcəkdə süni intellekt və robotlar demək olar ki, bütün insan fəaliyyətlərini insanların özündən daha yaxşı yerinə yetirə biləcək, mal və xidmətlərin istehsalı isə insanların ehtiyaclarının ödənilməsini xeyli asanlaşdıracaq dərəcədə artacaq.