Tesla və SpaceX şirkətlərinin baş icraçı direktoru İlon Mask rəhbərlik etdiyi iki şirkətin mümkün birləşmə ilə bağlı rəsmi araşdırmalara başladığını açıqlayıb. Bu addım dünyanın ən böyük texnologiya şirkətlərindən birinin yaranmasına səbəb ola bilər.
Axios-un məlumatına görə, Mask oktyabrın 20-də, çərşənbə axşamı SpaceX-in maliyyə göstəricilərinin müzakirəsinə həsr olunmuş iclasda bildirib ki, hər iki şirkət birləşmə imkanını araşdırmaq üçün müstəqil direktorlardan ibarət komitələr yaradıb.
Bu ideyanı dəstəkləyən Mask süni intellekt, qabaqcıl çiplər, robototexnika və rabitə sahələrində daha sıx əməkdaşlığın hər iki şirkətə geniş üstünlüklər qazandıra biləcəyini deyib.
Bununla belə, o, birləşmənin hələ qəti olmadığını və bunun üçün səhmdarların razılığının tələb olunduğunu vurğulayıb.
SpaceX-in bazar dəyəri 2 trilyon dollardan çox, Teslanınkı isə təxminən 1,5 trilyon dollar qiymətləndirilir. Bu rəqəmlərə əsasən, iki şirkətin ümumi dəyəri təxminən 3,5 trilyon dollara çatır.