Ekspertlər Məclisi yaydığı bəyanatda hakimiyyətin üç qolundan məcburi hicab qanunlarını vaxtaşırı deyil, qətiyyətlə və davamlı şəkildə icra etməyi tələb edib. Qurum qadınların öz istədikləri kimi geyinməsini «çılpaqlıq mədəniyyəti» və «əxlaqsızlıq» adlandırıb. Ekspertlər Məclisi həmçinin mədəniyyət və icra orqanlarının rəhbərlərindən buna qarşı mübarizə üçün «hərtərəfli və davamlı» proqram hazırlamağı istəyib.
Məhkəmə hakimiyyətinin sözçüsü Əli Kazımi 14 mehr tarixində Möhseni Ejeinin baş prokurora verdiyi göstəriş barədə məlumat verib. Bu göstərişə əsasən, ölkənin bütün prokurorluqları hicabla bağlı işləri ciddi şəkildə izləməlidir. Dövlət lisenziyası olan xidmət müəssisələri də hicab qaydalarına əməl etməyə borclu edilib.
Məhkəmə hakimiyyətinin rəhbəri daha əvvəl kəşfiyyat orqanlarına iddiasına görə hicabın açılmasını mütəşəkkil şəkildə təbliğ edən qrupları müəyyən etməyi tapşırmışdı. Bununla belə, «İffət və hicab» adlanan qanunun icrası hakimiyyət qurumları arasındakı fikir ayrılıqları səbəbindən hələ də dayandırılmış vəziyyətdədir.