ABŞ prezidenti Donald Tramp İslam Respublikasının Hörmüz boğazının açılması və toqquşmaların dayandırılması ilə bağlı təklif etdiyi planı rədd edib. Tehran isə buna cavab olaraq bildirib ki, bu su yolunun açılması yalnız onun şərtləri yerinə yetirildiyi halda mümkün olacaq.
"Reuters"in məlumatına görə, İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bəyan edib: "Bizim şərtlərimiz aydındır və Hörmüz boğazının açılması üçün atılacaq istənilən addım bu şərtlərin yerinə yetirilməsindən asılıdır. Yalnız danışıqlar yolu ilə əldə olunan həll onları bu çıxılmaz vəziyyətdən çıxara bilər."
Tramp şənbə günü deyib ki, İran Hörmüzün açılması üçün dərhal razılaşma əldə olunmasını istəyir. O, hərbi və iqtisadi təzyiqlərin Tehranı razılaşmaya doğru sövq etdiyini iddia edib. Buna baxmayaraq, Əraqçi bildirib ki, vasitəçilər planın ABŞ tərəfindən rəsmi şəkildə rədd edildiyini hələ Tehrana çatdırmayıblar.
İranın ötən həftə Qətər vasitəçiləri vasitəsilə təqdim etdiyi plana əsasən, ABŞ razılıq verəcəyi təqdirdə Hörmüz boğazının açılması və regional toqquşmaların dayandırılması üçün yeddi günlük müddət başlayacaq, bundan sonra isə daha geniş danışıqlar bərpa olunacaq.
İslam Respublikasının yüksək vəzifəli rəsmilərindən biri də "Reuters"ə bildirib ki, Tehran nüvə məsələsində, o cümlədən uranın zənginləşdirilməsi və zənginləşdirilmiş uran ehtiyatlarının xaricə çıxarılması mövzusunda heç bir güzəştə getməyəcək. Tramp isə İranın nüvə silahı əldə etməməli olduğunu vurğulayıb.