ABŞ-ın İran üzrə virtual səfirliyi təcili bəyanatla ABŞ vətəndaşlarına dərhal İran ərazisini tərk etmək çağırışı edib. Şənbə günü, 20 sentyabrda (29 şəhrivər) yayımlanan bu bəyanatda amerikalılardan İrana səfər etməmələri istənilib.
Bəyanata görə, Yaxın Şərqdəki gərginliyin davam etməsi regionun təhlükəsizlik vəziyyətini mürəkkəbləşdirib və gözlənilməz kəskinləşmə ehtimalı mövcuddur. ABŞ-ın virtual səfirliyi ölkə vətəndaşlarından uçuşların ləğvi, hava məkanının bağlanması və səyahətlərdə fasilələrə hazır olmalarını istəyib. İranın quru sərhədlərindən keçid qaydaları və qonşu ölkələrə giriş şərtləri də tez bir zamanda dəyişə bilər.
Bəyanatın digər hissəsində İranda olan amerikalılara etiraz aksiyalarından, kütləvi toplantılardan və təhlükəsizlik qüvvələrinin geniş şəkildə iştirak etdiyi bölgələrdən uzaq durmaları, diqqəti cəlb etməmələri tövsiyə olunub. ABŞ Dövlət Departamenti İranı öz səyahət xəbərdarlığı sistemində ən yüksək səviyyəyə aid edib.