Misir Prezidenti Əbdülfəttah əs-Sisi bu gün Qahirədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Con Rətkliflə görüşərək İran müharibəsi, regionun təhlükəsizliyi və Tehranla Vaşinqton arasında razılaşma əldə edilməsinin yolları barədə fikir mübadiləsi aparıb. Görüşdə Misir kəşfiyyat idarəsinin rəhbəri Həsən Rəşad da iştirak edib. Əs-Sisi İran böhranına son qoyacaq hərtərəfli razılaşmanın əldə olunmasına, regionda sabitliyin bərpasına və beynəlxalq gəmiçiliyin azadlığının təmin edilməsinə Qahirənin tam dəstək verdiyini vurğulayıb.
Rətklif bildirib ki, Vaşinqton Yaxın Şərqdə təhlükəsizliyin təmin olunması üçün Qahirə ilə yaxın əməkdaşlığın və koordinasiyanın davam etdirilməsini istəyir. Əs-Sisi isə Misirin ərəb ölkələrinə qarşı hücumlara qarşı çıxdığını bəyan edib və regiondakı böhranların siyasi və diplomatik yolla həll edilməsi çağırışı edib. Tərəflər həmçinin Qəzza atəşkəs planının ikinci mərhələsinin icrası, Sudan müharibəsi və Afrika Buynuzundakı proseslər barədə də danışıqlar aparıblar.
Misir ərəb ölkələrinə qarşı hücumların dayandırılması və Bab əl-Məndəb boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üçün razılaşma əldə etməyə çalışır; bu marşrutda yaranan pozuntular Süveyş kanalının gəlirlərinə mənfi təsir göstərir.