İran İslam Respublikası silahlı qüvvələrinin baş sözçüsü Əbülfəzl Şikarçi bildirib ki, ABŞ-ın və ya İsrailin İrana qarşı hər hansı hərbi əməliyyatında əməkdaşlıq edən istənilən ölkə Tehran tərəfindən «müharibə şəriki» hesab olunacaq.
Qonşu ölkələrə xəbərdarlıq edən Şikarçi əlavə edib ki, İran region ölkələrinin ərazisindən, hava məkanından və ya imkanlarından İrana hücum üçün istifadə olunmasına imkan verməyəcək və belə addımlara cavab verəcək.
O, həmçinin İranın «asimmetrik müharibədə dünyanın ən təcrübəli ölkəsi» olduğunu iddia edib və İslam Respublikasının silahlı qüvvələrinin bu taktikalara əsaslanaraq keçmiş müharibələrdə uğur qazandığını deyib.
Silahlı qüvvələrin baş sözçüsü qeyd edib ki, İrana yenidən hücum edilərsə, Tehranın cavabı «daha sarsıdıcı» olacaq və silahlı qüvvələrin qarşı tərəf üçün «sürprizləri» olacaq.
Şikarçi həmçinin ABŞ-ın müharibədəki fəaliyyətini «məğlubiyyət» kimi səciyyələndirib və Vaşinqtonun psixoloji müharibə vasitəsilə bu məğlubiyyətin nəticələrini kompensasiya etməyə çalışdığını iddia edib.