Ermənistan prezidenti Vahaqn Xaçaturyan bildirib ki, İrəvan qonşu ölkələrlə qarşılıqlı etimad yaratmalı və mövcud məsələləri mümkün qədər vasitəçilər olmadan həll etməlidir.
Cənubi Qafqazda yeni şəraitin formalaşmasına toxunan Xaçaturyan deyib ki, hazırda regionda sülh və əməkdaşlıq üçün lazımi iradə, hazırlıq və imkan mövcuddur. O, qonşu ölkələrlə birgə layihələrin həyata keçirilməsinin zəruriliyini vurğulayıb və "Tramp marşrutu" adlanan yolu, habelə birgə enerji layihələrini bütün regionun xeyrinə ola biləcək planlar sırasında qeyd edib.
Ermənistan prezidenti hər hansı konkret ölkənin adını çəkməsə də, onun fikirləri ən çox İrəvanın Bakı və Ankara ilə münasibətlərinin normallaşması prosesinə aid edilir.
Siyasi analitik Kenan Novruzov da bildirib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması paralel şəkildə irəliləyir və Zəngəzur dəhlizinin həyata keçirilməsi İrəvanın prioritetləri sırasına daxil edilib. Onun sözlərinə görə, Ermənistan xarici vasitəçilərin rolunu azaltmaqla regional nəqliyyat və enerji layihələrindən faydalanmağa çalışır.