Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, Türkiyə, Qətər, İndoneziya və Pakistan 2026-cı il oktyabrın 21-də, çərşənbə günü Qətərin paytaxtı Dohada «Bədr Anlaşma Memorandumu» adlı çoxtərəfli saziş imzalayıb.
«Anadolu» agentliyinin məlumatına görə, memorandum strateji əməkdaşlığın genişləndirilməsi, dörd ölkənin hərbi imkanlarının gücləndirilməsi və müdafiə sənayesi sahəsində birgə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə imzalanıb.
Sənədin imzalanma mərasimində Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Qətərin müdafiə işləri üzrə dövlət naziri Şeyx Səud bin Əbdürrəhman Al Sani, İndoneziyanın müdafiə nazirinin müavini Yusuf Cövhəri və Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif iştirak edib.
Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına əsasən, saziş hərbi texnikanın birgə istehsalı, müdafiə texnologiyalarının inkişafı, ixtisaslaşmış hərbi təlimlər, eləcə də elmi-tədqiqat və inkişaf fəaliyyəti sahələrində əməkdaşlıq üçün zəmin yaradır. Bundan əlavə, dörd ölkə bir-birinin sənaye və hərbi potensialından yararlanaraq müdafiə istehsalı imkanlarını artırmağa, dost və müttəfiq ölkələrin ehtiyaclarını qarşılamağa çalışacaq.
Türkiyə Müdafiə Nazirliyi vurğulayıb ki, memorandum mühüm iqtisadi və hərbi əhəmiyyət daşıyır və müdafiə əməkdaşlığını gücləndirməklə yanaşı, hərbi sənayenin inkişafına, strateji tərəfdaşlığın genişlənməsinə, həmçinin regional təhlükəsizlik və sabitliyin dəstəklənməsinə töhfə verəcək.