Anadolu agentliyinin məlumatına görə, bu ilin tədbirləri Prezidentliyin Kommunikasiya İdarəsinin koordinasiyası ilə "İradə bizimdir, Qələbə bizimdir" şüarı altında Türkiyənin 81 vilayətində keçirilir. Şəhər meydanları bayraqlarla bəzədilmiş, proqramlar iyulun 14-dən başlayaraq bu gecənin yarısına qədər davam edir.
Məlumata görə, əsas tədbir bu gün Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuşun ev sahibliyi, prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Böyük Millət Məclisində keçirildi. Proqram Məclis məscidində şəhidlər üçün mövlud oxunması ilə başladı və 15 İyul şəhidlər abidəsinə gül qoyulmaqla davam etdi.
Ən böyük toplanış isə bu gün axşam saat 18:00-da Ankaranın Millət Bağçasında keçirilir, tədbirdə təxminən 20 min nəfər iştirak edir, Ərdoğan çıxış edir.
İstanbulda da "Demokratiya və Şəhidləri Anma" yürüşü təxminən beş min nəfərin iştirakı ilə Zincirlikuyudan başladı və 15 İyul Şəhidlər körpüsündə sona çatdı. Bu gün axşam isə Qalata qülləsi və Qız qülləsi üzərindəki işıq və rəqəmsal şoular o gecənin hadisələrini yenidən canlandıracaq. Həmçinin saat 00:13-də Türkiyənin bütün məscidlərində eyni anda sala oxunacaq.