New York Times və Haaretz qəzetlərində dərc edilmiş reportajlar — doğru ya yanlış olmasından asılı olmayaraq — analitiklərin qarşısına mühüm bir sual qoyub: əgər İsrail həqiqətən müəyyən bir mərhələdə Mahmud Əhmədinəjadı İslam Respublikasından sonrakı İran üçün potensial variant kimi nəzərə almışdısa, nə üçün bu şəxs Rza Pəhləviyə üstün tutulub?
Bu sualın cavabını fərdlərə olan rəğbət və ya nifrətdə deyil, kəşfiyyat qurumlarının məntiqində axtarmaq lazımdır. Kəşfiyyat xidmətləri adətən media populyarlığına əsasən qərar vermir; onlar siyasi potensialı, təsir imkanlarını və ölkə daxilində koalisiya yaratmaq qabiliyyətini nəzərə alır.
Rza Pəhləvi son illər ərzində xaricdəki bəzi farsdilli media qurumlarının geniş dəstəyindən yararlanıb. Lakin media kampaniyası, mütləq mənada, real ictimai bazanın mövcudluğu demək deyil. O, şəxsiyyət və siyasi cəhətdən son dərəcə zəif bir fiqurdur. İrandakı müxtəlif etiraz hərəkatlarının təcrübəsi də göstərib ki, media təsviri ilə sahədəki gerçəklik arasında əhəmiyyətli bir uçurum mövcuddur. Sonradan monarxiya tərəfdarları adından yayılan şüarların çoxu geniş etiraz meydanlarında səslənməyib; bu məsələ isə kəşfiyyat qurumlarının qiymətləndirmələrinin sosial media mühitindən fərqlənməsinə səbəb olub.
Bir kəşfiyyat qurumunun baxış bucağından dəyərləndirildikdə, İran daxilindəki müxtəlif siyasi, iqtisadi və təhlükəsizlik qüvvələri arasında əlaqə qurmağa qadir olmayan bir şəxs keçid dövrünün idarə edilməsi üçün uyğun variant sayılmır. Belə bir çərçivədə, Əhmədinəjadın da geniş populyarlığa malik olmamasına baxmayaraq, prezidentlik keçmişi, hakimiyyət strukturunu tanıması, sistemin müəyyən hissələri ilə əlaqəsi və daxili qüvvələrlə təmasda bulunma qabiliyyəti onu kəşfiyyat baxımından araşdırılmağa dəyər bir variant halına gətirə bilər — mütləq mənada üstün tutulan və ya qəti bir variant yox.
Bunun əksinə olaraq, Rza Pəhləvi onilliklər boyunca əsasən İrandan kənarda fəaliyyət göstərib. Onun ən böyük problemi isə media arenasındakı çatışmazlıq deyil, ölkə daxilində mütəşəkkil şəbəkənin olmağı və media kapitalını siyasi kapitala çevirməyin çətinliyidir. Siyasətdə media obrazı təkbaşına təşkilatı, koalisiyanı və ictimai nüfuzu əvəz edə bilməz.
Nəticə etibarilə, İranın gələcəyini nə xarici kəşfiyyat xidmətləri müəyyən edəcək, nə də təbliğat kampaniyaları. İstənilən davamlı dəyişiklik sonda İran daxilindəki ictimai legitimlik, siyasi təşkilat və konsensus yaratmaq qabiliyyətindən asılı olacaq.
Möhsün Səadət