ArazNews
Ana Səhifə / İran / Onilliklər boyu Azərbaycanın gövhəri üçün təkrarlanan vəd; Pezişkian yenidən Urmiya gölünün bərpasından danışdı
İran

Onilliklər boyu Azərbaycanın gövhəri üçün təkrarlanan vəd; Pezişkian yenidən Urmiya gölünün bərpasından danışdı

Onilliklər boyu Azərbaycanın gövhəri üçün təkrarlanan vəd; Pezişkian yenidən Urmiya gölünün bərpasından danışdı

İran Radiotelevizyonu agentliyinə istinadən, İran prezidenti dəqiq planlaşdırmanın olmadığını, su tutumlu sənayeyin inkişafını, çoxsaylı quyuların qazılmasını və qeyri-mütənasib əkinçiliyin genişləndirilməsini tənqid edərək vurğulayıb ki, su resursları barədə qərarlar elmi tədqiqatlara və davamlı inkişafa əsaslanmalıdır.

Pezişkianın açıqlamaları o vaxt səslənir ki, Urmiya gölü iyirmi ildən artıq müddət ərzində İran hökumətinin Azərbaycanın ətraf mühit məsələlərinə qarşı səriştəsizliyinin və laqeydliyinin simvollarından birinə çevrilib. Bu illərdə demək olar ki, bütün prezidentlər, nazirlər, parlament deputatları və seçki namizədləri gölün bərpası vədini veriblər, lakin ştabların yaradılmasına, milyardlarla büdcənin ayrılmasına və çoxsaylı layihələrin təsdiq edilməsinə baxmayaraq, gölün məhvi prosesi dayandırılmayıb.

Məsud Pezişkian prezidentlik seçki kampaniyası dövründə də Urmiya gölünün xilas edilməsindən və Azərbaycanın tələblərinə diqqət yetirilməsindən danışmışdı, lakin onun prezidentliyinin başlamasından bir neçə il keçməsinə baxmayaraq, nə gölün davamlı bərpası üçün təsirli bir addım atılıb, nə də Azərbaycan türklərinin siyasi və mədəni hüquqları, o cümlədən ana dilində təhsil barədə vədləri gerçəkləşib.

Azərbaycanın mütəxəssisləri və ətraf mühit fəalları hesab edirlər ki, bəzi dövrlərdə gölün vəziyyətinin nisbi yaxşılaşması dövlət siyasətlərinin nəticəsindən çox, təbii yağıntıların artması ilə və bəzi hallarda müəyyən bəndlərdən məhdud miqdarda suyun buraxılması ilə bağlı olub. Onların fikrincə, böhranın əsas amilləri — geniş miqyasda bənd tikintisi, su resurslarının səhv idarə edilməsi, plansız kənd təsərrüfatının inkişafı və suyun göl hövzəsindən köçürülməsi — hələ də öz yerini saxlayır.

Cənubi Azərbaycanda Urmiya gölünün quruması yalnız ətraf mühit böhranı kimi dəyərləndirilmir; bir çox fəallar bunu İran hökumətinin Azərbaycana qarşı ayrı-seçkilik siyasətinin və struktur laqeydliyinin nümunəsi hesab edir. Son illərdə Urmiya gölünü dəstəkləyən mülki və ətraf mühit etirazları dəfələrlə təhlükəsizlik müdaxilələri, fəalların həbs edilməsi və toplaşmaların yatırılması ilə üzləşib; hər seçkidə gölün xilas edilməsi vədi təkrarlanarkən bu su hövzəsinin vəziyyəti hələ də böhranın davam etməsinin qarşısını ala bilməyən qərarlara bağlı qalır.