Britaniyanın Qardian qəzeti yazır ki, İran ilə ABŞ arasında imzalanmış memorandumun icrasına başlanmasına baxmayaraq, Hörmüz boğazının mərkəzi hissəsi onlarla dəniz minasının mövcudluğu səbəbindən gəmilərin hərəkəti üçün hələ də bağlı qalır.
Araz News-un Qardian qəzetinə istinadən verdiyi məlumata görə, Beynəlxalq Tanker Sahibləri Assosiasiyasının (INTERTANKO) rəsmilərindən biri bildirib ki, Hörmüz boğazının mərkəzi hissəsində təxminən 80 dəniz minası qalır. Buna görə də gəmilər boğazın yalnız şimal və cənub marşrutlarından istifadə etməyə məcburdurlar.
ABŞ və İsrailin İrana qarşı müharibəsi başladıqdan sonra Hörmüz boğazında gəmiçilik İran İnqilab Keşikçiləri Korpusunun addımları nəticəsində ciddi şəkildə pozulmuş, daha sonra isə ABŞ İran limanlarına dəniz blokadası tətbiq etmişdi. Vaşinqton Tehranla memorandum imzaladıqdan sonra bu blokadanın dayandırıldığını açıqlayıb.
İranın Ali Milli Təhlükəsizlik Şurası da cümə axşamı Hörmüz boğazında dəniz minalarının mövcudluğunu təsdiqləyərək bildirib ki, gəmilər İranın müəyyən etdiyi marşrut və qrafik əsasında hərəkət etməlidirlər.
Məlumata görə, minaların təmizlənməsi və dəniz nəqliyyatının tam şəkildə normal vəziyyətə qaytarılması Tehran ilə Vaşinqton arasında imzalanmış son memorandumda nəzərdə tutulan əsas məsələlərdən biridir.