ArazNews
Ana Səhifə / Azərbaycan / Azərbaycan dünyanın yatırım mərkəzinə çevrilir
Azərbaycan

Azərbaycan dünyanın yatırım mərkəzinə çevrilir

Azərbaycan dünyanın yatırım mərkəzinə çevrilir


Quzey Azərbaycan son illərdə bölgənin strateji və iqtisadi balansını dəyişdirən əsas ölkələrdən birinə çevrilib. Doğu ilə Batının, Quzey ilə Güneyin qovuşduğu bu ölkə güclü infrastruktur və tranzit siyasəti sayəsində dünyanın diqqətini Bakıya yönəldib.


Araz News-un məlumatına görə, bölgənin davamlı böhran və gərginliklə üzləşdiyi bir dövrdə Azərbaycan daxili sabitliyi və təhlükəsizliyi ilə ön plana çıxır. Bakının yürüt­düyü fəal xarici siyasət və qonşu ölkələrlə qurduğu sıx əməkdaşlıq uzunmüddətli iqtisadi layihələr üçün əlverişli mühit formalaşdırıb.


Azərbaycan son illərdə beynəlxalq nəqliyyat və logistika sahəsinə böyük sərmayələr yatırıb. Bu gün ölkə Asiya ilə Avropanı birləşdirən ən mühüm tranzit marşrutlarından biri hesab olunur.


Orta Dəhliz, Şimal–Cənub və Doğu–Batı nəqliyyat xətləri, xüsusilə də Zəngəzur dəhlizi layihəsi Azərbaycanın regional ticarətdə strateji mövqeyini daha da gücləndirir.


Bununla yanaşı, Qarabağın azad edilməsindən sonra bölgədə həyata keçirilən genişmiqyaslı yenidənqurma və infrastruktur layihələri investorlar üçün yeni imkanlar yaradıb. Yeni şəhərlərin salınması, müasir infrastrukturun qurulması və enerji layihələri xarici şirkətlərin marağını artırır.


Digər tərəfdən, Azərbaycan iqtisadiyyatını yalnız neft və qaz gəlirlərindən asılı saxlamaq niyyətində deyil. Ölkə günəş və külək enerjisi kimi bərpa olunan enerji mənbələrinə böyük investisiyalar yatıraraq iqtisadiyyatını şaxələndirir və qlobal yaşıl enerji keçidinə qoşulur.


Siyasi və təhlükəsizlik baxımından mürəkkəb bir regionda yerləşməsinə baxmayaraq, Azərbaycan strateji mövqeyi, sabitliyi və iqtisadi potensialına arxalanaraq ticarət, tranzit və investisiya sahələrində dünyanın aparıcı mərkəzlərindən birinə çevrilmək yolunda irəliləyir. Bu inkişaf tempinin davam etməsi Bakının Avrasiya məkanındakı geosiyasi və iqtisadi çəkisini daha da artıracaq.