ArazNews
Ana Səhifə / Azərbaycan / Təbriz həbsxanasında türk siyasi məhbuslar aclıq aksiyasına başladı
Azərbaycan

Təbriz həbsxanasında türk siyasi məhbuslar aclıq aksiyasına başladı

 Təbriz həbsxanasında türk siyasi məhbuslar aclıq aksiyasına başladı


Təbriz həbsxanasında saxlanılan türk siyasi məhbuslar Yürüş Mehrəlibəylinin xüsusi bölməyə köçürülməsinə etiraz olaraq aclıq aksiyasına başlayıblar.

ArazNews-un Demokratlar-a istinadən verdiyi məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları Əli Babayi və Əyyub Şiri ilə yanaşı, həbsxananın detoksifikasiya bölməsində saxlanılan bir qrup siyasi məhbus da aksiyaya qoşulub. Son günlər bəzi siyasi məhbuslara telefon istifadəsinin qadağan edilməsi və digər məhdudiyyətlərin tətbiqi etirazların əsas səbəblərindən biri kimi göstərilir.


Məlumatlara əsasən, Güney Azərbaycan Milli Hərəkatının siyasi liderlərindən olan Yürüş Mehrəlibəyli etirazlarla əlaqədar Təbriz həbsxanasının xüsusi bölməsinə köçürülüb və hazırda da həmin bölmədə saxlanılır.


Bundan əvvəl siyasi məhbuslara yaxın mənbələr Yürüş Mehrəlibəylinin ümumi bölməyə qaytarılmayacağı təqdirdə onlarla siyasi məhbusun aclıq aksiyasına başlayacağını bildirmişdi. Son məlumatlar isə təxminən 60 siyasi məhbusun aksiyada iştirak etdiyini göstərir.


Aclıq aksiyası keçirən məhbuslar Yürüş Mehrəlibəylinin ümumi bölməyə qaytarılmasını və siyasi məhbuslara qarşı tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını tələb edirlər.