ArazNews
Ana Səhifə / Xəbər / ABŞ-dan Zəngəzur dəhlizi istiqamətində yeni addım: Vaşinqton–İrəvan birgə şirkəti yaradıldı
Xəbər

ABŞ-dan Zəngəzur dəhlizi istiqamətində yeni addım: Vaşinqton–İrəvan birgə şirkəti yaradıldı

 ABŞ-dan Zəngəzur dəhlizi istiqamətində yeni addım: Vaşinqton–İrəvan birgə şirkəti yaradıldı


Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində səylərin sürətləndiyi bir vaxtda, ABŞ Vaşinqton və İrəvan arasında yaradılan “TRIPP” adlı birgə şirkəti təsdiqləyib. Layihə 2,5 milyard dollar dəyərində strateji investisiya paketi çərçivəsində həyata keçiriləcək.


ArazNews-un məlumatına görə, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının İdarə Heyəti iyunun 3-də TRIPP şirkətinin yaradılmasını təsdiqləyib. Şirkət dəmir yolları, avtomobil yolları, enerji kəmərləri, fiber-optik şəbəkələr və digər nəqliyyat-kommunikasiya infrastrukturlarının inşasında iştirak edəcək.


Azərbaycanlı iqtisadçı Natiq Cəfərli “Musavat” qəzetinə bildirib ki, Ermənistanda keçiriləcək seçkilərdən sonra layihənin icrası daha da sürətlənəcək və 2027-ci ilin sonuna qədər dəhlizin avtomobil və dəmir yolu hissələrinin tamamlanması mümkündür.


Digər iqtisadçı Eldəniz Əmirov isə qeyd edib ki, TRIPP layihəsi ABŞ-ın bölgədə strateji mövqeyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və Vaşinqton bu sahədə təşəbbüsü Çinə vermək istəmir.


Əmirovun sözlərinə görə, layihənin səhmlərinin 74 faizi ABŞ-a, 26 faizi isə Ermənistana məxsus olacaq. Layihənin idarə olunması 49 il müddətinə Amerika tərəfinə veriləcək.


Ekspert hesab edir ki, bu layihə gələcəkdə Orta Dəhlizin bir hissəsinə çevriləcək və İranla Rusiyanın mümkün etirazlarına baxmayaraq, onun tam şəkildə dayandırılması mümkün olmayacaq.