Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, ABŞ ilə İran rejimi arasında razılaşma əldə olunacağı təqdirdə, İranın zənginləşdirilmiş uran ehtiyatları Qazaxıstanda saxlanıla bilər.
ArazNews-un Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Qrossi Britaniya mediasına açıqlamasında Qazaxıstanın bu materialları təhlükəsiz şəkildə saxlamağa hazır olduğunu və bu variantın hər iki tərəf üçün qəbul edilə biləcəyini deyib.
Qrossi əlavə edib ki, bu təklif bu həftə Astanada Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşü zamanı müzakirə olunub. Qazaxıstan daha əvvəl də 2017-ci ildə MAQATE-nin aşağı zənginləşdirilmiş uran bankına ev sahibliyi edib. Bu arada Donald Tramp da yeraltında saxlanılan uranın çıxarılaraq nəzarət altında məhv edilməli olduğunu bildirib.
Bu təklif Vaşinqton və Tehran arasında davam edən danışıqlarda ən əsas fikir ayrılıqlarından biri olan İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlı müzakirələrin fonunda irəli sürülür. Uranın MAQATE nəzarəti altında Qazaxıstanda saxlanılması tərəflər üçün orta yol variantı kimi qiymətləndirilir.