Çinli tədqiqatçılar hərbi kosmik aparatlardan ibarət donanmanın bir neçə dəqiqə ərzində Yer kürəsinin istənilən nöqtəsinə mümkün hücum üçün işə düşə biləcəyini nəzərdə tutan planı araşdırıblar. Bu plan reallaşacağı təqdirdə ABŞ-ın «Qızıl Günbəz» raket əleyhinə müdafiə sistemi üçün yeni çağırış yaradacaq.
The EurAsian Times-ın məlumatına görə, Çin tədqiqatçıları yeni araşdırmada kompüter simulyasiyası vasitəsilə göstəriblər ki, Yer orbitində manevr qabiliyyətinə malik 40 kosmik aparatın yerləşdirilməsi müxtəlif hədəflərə doğru enmə əməliyyatına ən geci 150 saniyə ərzində başlamağa imkan verə bilər.
Çinin 2020-ci ildən bəri çoxsaylı sınaqlardan keçmiş sirli və təkrar istifadə olunan «Shenlong» kosmik aparatı belə bir planla əlaqəli texnologiyalardan biri hesab olunur.
Bu məlumat ABŞ-ın çoxqatlı «Qızıl Günbəz» raket əleyhinə müdafiə qalxanını inkişaf etdirdiyi bir vaxtda yayılıb.
Bununla belə, araşdırmanın nəticələri yalnız simulyasiyaya əsaslanır və 150 saniyəlik müddət hədəfə zərbəyə deyil, orbitdən enmənin başlanmasına aiddir. Çin tərəfindən belə bir silah sisteminin yerləşdirilməsi də indiyədək təsdiqlənməyib.