Amerikanın "CBS News" telekanalı noyabrın 20-də, cümə günü məlumatlı mənbələrə istinadən xəbər verib ki, ABŞ və İsrail yaxın gələcəkdə İslam Respublikasına qarşı yeni hərbi hücumlar mərhələsinə başlamağı nəzərdən keçirir. Həmin mənbələrin sözlərinə görə, Benyamin Netanyahu hökuməti İranın ballistik raket istehsalı imkanlarını sürətlə bərpa etməsindən narahatdır. Hökuməti Tehranın hərbi və nüvə obyektlərini mümkün hücumlardan qorumaq üçün yeraltına köçürmək cəhdləri də narahat edir.
CBS News-un məlumatına görə, İsrail ordusu İranla yeni qarşıdurma mərhələsinə hazırlaşıb və ən yüksək müdafiə hazırlığı səviyyəsində saxlanılır. Netanyahu hökuməti mümkün əməliyyatın ABŞ-ın iştirakı ilə keçirilməsinə üstünlük verir. Lakin Donald Trampın yeni hücum barədə əmr verib-verməyəcəyi hələ məlum deyil. Telekanalın mənbələri bildirir ki, regionda yerləşdirilmiş hərbi texnika və qüvvələr nəzərə alınarsa, əmr verildiyi halda hücum əməliyyatına iki-dörd gün ərzində başlamaq mümkündür.
Bu məlumat Vaşinqtonla Tehran arasında müharibəyə son qoyulması və Hörmüz boğazının açılması ilə bağlı dolayı danışıqların nəticəsiz qaldığı vaxtda yayılıb. Tramp bir tərəfdən müharibəni tezliklə "bu və ya digər şəkildə" bitirəcəyini deyərək hədələyib. Digər tərəfdən isə İsrailin "Kanal 12" telekanalına müsahibəsində qərar verməyə tələsmədiyini vurğulayıb. Eyni zamanda, CENTCOM-un komandanı admiral Bred Kuper İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir və "Mossad"ın rəhbəri Roman Qofmanla görüşüb. Görüşdə regionda təhlükəsizlik sahəsindəki son vəziyyət müzakirə olunub.
CBS News həmçinin xəbər verib ki, Tramp və Netanyahunun mümkün birgə əməliyyat keçirmək üçün siyasi imkanları daralır. İsraildə keçirilən son seçkilərdə koalisiyası məğlub olduqdan sonra Netanyahu yaxın həftələrdə baş nazir postunu itirə bilər. ABŞ-da isə respublikaçılar yanvarda Konqresdə nəzarəti əldən verəcəklər. Bununla yanaşı, Netanyahunun bəzi siyasi opponentləri hesab edir ki, o, İranla yenidən müharibə ehtimalını gündəmə gətirməklə siyasi mövqeyini qorumağa çalışır. Bütün bu proseslərə baxmayaraq, Ağ Ev və ABŞ ordusu yeni hücumun planlaşdırılması barədə şərh verməyib. Əməliyyata başlanması ilə bağlı rəsmi qərar da hələ elan olunmayıb.