Bəsic Təşkilatının rəhbəri Hüseyn Taib «Yerli köməkçi» layihəsinin azər ayının 2-dən (23 noyabr) bütün İranda həyata keçiriləcəyini açıqlayıb. Bu layihə çərçivəsində Bəsic məscidlərin və camaat imamlarının mərkəzi rolu ilə hər məhəllədəki fəal şəxsləri və sakinlərin ehtiyaclarını müəyyənləşdirəcək. Daha sonra bu məlumatlar süni intellekt vasitəsilə sistemləşdiriləcək.
Taib cümə axşamı Qumda Dini Elmi Hövzələr Ali Şurasının katibi ilə görüşdə layihənin təfərrüatlarından danışıb. Onun sözlərinə görə, məhəllələrdə həyata keçirilmək üçün təxminən 400 fəaliyyət müəyyənləşdirilib. Layihənin əsas istiqaməti həkimlərin, ruhanilərin və mədəniyyət sahəsində çalışanların müəyyənləşdirilməsi, eləcə də vətəndaşların təhsil və maddi ehtiyaclarının araşdırılmasıdır. O əlavə edib ki, «məhəllə əsaslı idarəetmə» çərçivəsində inzibati və sosial işlərin bir hissəsi məhəllələrə ötürüləcək.
Yayılan açıqlamalarda bu məlumatların harada saxlanılacağı və hansı qurumların onlara çıxışı olacağı aydınlaşdırılmayıb. Bəsic təhlükəsizlik qurumudur və etirazların yatırılması ilə bağlı sabiqəyə malikdir. Məhz bu sabiqə məhəllələrdən toplanan məlumatların vətəndaşlara nəzarət və hakimiyyət əleyhdarlarının müəyyənləşdirilməsi üçün istifadə olunması ehtimalını ortaya qoyur.