İranda qidalanma çatışmazlığından əziyyət çəkən uşaqların sayı 347 mini ötüb. Bu rəqəmi Kooperativ, Əmək və Sosial Rifah Nazirliyi açıqlayıb. Statistika ərzaq kartının aylıq limitinin cəmi 1 milyon 200 min tümənlə 2 milyon tümən arasında olduğu bir vaxtda yayılıb. Qiymətlərin gündən-günə artdığı şəraitdə bu məbləğin uşaqların sağlamlığını qorumağa çatıb-çatmadığı sual altına düşüb.
Nazirliyin rifah üzrə müavini Yaqub Əndayiş tir ayında (iyun–iyul) qidalanma çatışmazlığından əziyyət çəkən 180 min uşağın ailəsi üçün pulsuz ərzaq səbətinin maliyyələşdirildiyini bildirmişdi. Cəmi üç həftə sonra bu rəqəm 5–59 aylıq 262 min uşağa çatıb.
Hökumətin sözçüsü Fatimə Mühacirani şəhrivər ayında (avqust–sentyabr) yoxsulluq statistikasının açıqlanmasına «təhlükəsizlik qadağası» olduğunu deyib. Hökumət həmçinin ölkə əhalisinin 30 faizinin ərzaq kartını ləğv etməyi planlaşdırır.