Çin Xarici İşlər Nazirliyi Pekinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin İrana səfər etdiyini və İslam Respublikasının yüksək vəzifəli rəsmiləri ilə görüşdüyünü açıqlayıb. Səfər hərbi gərginliyin davam etdiyi və müharibəyə son qoyulması üçün diplomatik səylərin göstərildiyi vaxta təsadüf edib.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkənin xüsusi nümayəndəsi Çjay Szyun noyabrın 8-də, bazar günü Tehranda Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Bağiri Kəni və İslam Respublikasının xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi ilə görüşüb. Görüşlərdə ikitərəfli münasibətlər və Yaxın Şərqdəki proseslər müzakirə olunub.
Çinin xüsusi nümayəndəsi hərbi yolla regiondakı böhrana son qoymağın mümkün olmadığını vurğulayaraq, fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinə çağırıb və Pekinin Tehranla əlaqələri genişləndirməyə hazır olduğunu bildirib.
İslam Respublikasının rəsmiləri də ikitərəfli əməkdaşlığın gücləndirilməsinin, eləcə də toqquşmalara son qoyulmasına yönəlmiş diplomatik səylərdə Çinin daha fəal rol oynamasının vacibliyini vurğulayıblar.