«İttilaat» qəzeti dərc etdiyi yazıda İranda radikal cərəyanların fəaliyyətini və parçalayıcı şüarları tənqid edib. Qəzet İslam Respublikasının rəsmilərini «səs-küylü azlıq» adlandırdığı qüvvəyə qarşı yanaşmalarını dəyişməyə və cəmiyyətin əksəriyyətini məhdud siyasi qrupların xeyrinə kənara itələməkdən çəkinməyə çağırıb.
17 aban (8 noyabr) bazar günü dərc olunan yazının müəllifi Seyid Məsud Rəzəvi xəbərdarlıq edib: «Hər hansı laqeydlik, azlığın himayə edilməsi və xalqın kənara itələnməsi elə nəticələrə gətirib çıxara bilər ki, onları dilə gətirməyə ehtiyac yoxdur.»
Qəzet bəzi siyasi cərəyanların addımlarına işarə edərək yazıb ki, səs-küylü azlıq hətta ölkənin hərbi qərargahları qarşısında da şüarçı müdaxilələri ilə ixtilafa və ictimai parçalanmaya səbəb olur.
Yazıda daha sonra bildirilir ki, bu siyasi qruplar xalqın ölkəyə və hökumətə dəstək üçün geniş iştirakından ehtiyat edir və milli və dini dəyərlər və ideallar adı altında siyasi hakimiyyəti ələ keçirməyə çalışırlar.
Müəllif sonda hakimiyyəti bu cərəyanlarla davranışda yanaşmasını dəyişməyə çağırıb.
Müəllifin hərbi qərargahlar qarşısında şüar səsləndirilməsinə işarəsi, ehtimal ki, 13 aban (4 noyabr) tarixində bir qrup kəfən geyinmiş qadının Silahlı Qüvvələrin Baş Qərargahı qarşısında keçirdiyi toplantı ilə bağlıdır. Həmin aksiyada iştirakçıların bir qismi hərbi komandirlərin əleyhinə şüarlar səsləndirib, bəzi mühafizəkar media orqanları da bu aksiyanı tənqid edib.
Yayılan məlumatlarda aksiya iştirakçıları «Tovə» adlı qrupla əlaqələndirilib. Həmçinin müəllifin radikal cərəyanları və onların hakimiyyəti ələ keçirmək cəhdlərini tənqid etdiyini nəzərə alsaq, bu tənqidin radikal mühafizəkarların bir hissəsinə, o cümlədən Paydari Cəbhəsinə yaxın cərəyanlara da ünvanlandığını söyləmək olar. Baxmayaraq ki, müəllif bu cəbhənin adını açıq şəkildə çəkməyib.
Bu tənqidlərin «İttilaat» qəzetində dərc olunması İslam Respublikasının hakimiyyət strukturunda daxili ixtilafların kəskinləşməsini əks etdirir. Lakin bu tənqidlərin radikal cərəyanların hakimiyyət strukturundakı nüfuzunu məhdudlaşdırmaq üçün ilk addım olub-olmadığı bəlli deyil.