Səudiyyə Ərəbistanının Dəmmam şəhərindəki Kral Fəhd Beynəlxalq Hava Limanı iki həftədən az müddətdə ikinci dəfə hücuma məruz qalıb. Hücum nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb, hava limanının obyektlərinə də ziyan dəyib.
Reuters və Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinin məlumatına görə, ölkənin Mülki Aviasiya Baş İdarəsi hücumun oktyabrın 21-i, çərşənbə günü axşam saatlarında baş verdiyini açıqlayıb. Bildirilib ki, yaralılar xəstəxanaya aparılıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Eyni zamanda Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya cümə axşamı səhər tezdən ölkənin şərq bölgələri üzərində 4 pilotsuz uçuş aparatını havada vuraraq məhv etdiyini bildirib.
Bu, oktyabrın 11-dən bəri Dəmmam hava limanına edilən ikinci hücumdur. Hücum Səudiyyə Ərəbistanı ilə İslam Respublikasının dəstəklədiyi husilər arasında hərbi gərginliyin kəskinləşdiyi bir vaxtda baş verib.
Səudiyyə Ərəbistanı rəsmiləri hava limanına edilən son hücumu kimin həyata keçirdiyini hələ rəsmi olaraq açıqlamayıblar.