Reuters agentliyinin məlumatına görə, Türkiyə Səudiyyə Ərəbistanı və Pakistanla bağladığı «Məkkə birgə müdafiə paktı»nı təsdiq üçün parlamentə göndərib. Üç ölkə bu paktı ötən avqustda imzalayıb. Pakta əsasən, üzvlərdən birinə silahlı hücum hamısına edilmiş hücum sayılır.
Paktın NATO-nun 5-ci maddəsinə bənzəyən 2-ci maddəsi üzvləri hücuma məruz qalan ölkəyə dərhal yardım göstərməyə borclu edir. Üç ölkə bu ayın əvvəlində Ər-Riyadda qüvvələrini Səudiyyə Ərəbistanında sürətlə yerləşdirmək barədə razılığa gəlib. Səudiyyə Ərəbistanı bu günlərdə silahlı husi qruplaşmasının hücumlarına məruz qalır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Səudiyyə Ərəbistanının müdafiəsindəki rolundan danışarkən Məkkə paktının «təcavüzkar» olmadığını bildirib. O vurğulayıb ki, Türkiyə başqa bir ölkənin ərazisinə hücum etmək üçün qoşun göndərməyəcək. Türkiyə Konstitusiyası da hər hansı paktdan asılı olmayaraq, qoşunların xaricə göndərilməsini parlamentin icazəsindən asılı edir.