Misir prezidenti Əbdülfəttah əs-Sisi Ər-Riyad müraciət edəcəyi təqdirdə ölkəsinin Səudiyyə Ərəbistanını husilərin hücumlarından qorumaq üçün «bütün zəruri addımları» atmağa hazır olduğunu bəyan edib. Misir parlamenti də bu məsələni müzakirə etmək üçün növbədənkənar iclas keçirəcək.
«Reuters»un məlumatına görə, əs-Sisi deyib: «Səudiyyə Ərəbistanının təhlükəsizliyinə və sabitliyinə zərər dəyməsinə imkan verməyimiz ağlasığmazdır». O vurğulayıb ki, Misir heç kimə hücum etmək niyyətində deyil, lakin müdafiə xarakterli addımlar atmağa hazırdır.
Eyni zamanda «The Guardian» xəbər verib ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanı Əbu-Dabinin Yəmən müharibəsində yenidən iştirakı barədə razılığa gəlib. Məlumata görə, BƏƏ dəstəklədiyi Yəmən qüvvələrinə yardımı bərpa edəcək, Səudiyyə Ərəbistanı isə hava dəstəyi verəcək.