Livan Prezident Aparatı bildirib ki, ölkənin hərbi nümayəndə heyəti oktyabrın 20-də Florida ştatının Tampa şəhərində keçiriləcək üçtərəfli görüşdə Beyrutun İsrailin Livana hücumlarının dayandırılması ilə bağlı tələbini qaldıracaq.
"Reuters"in məlumatına görə, Livan və İsrail son aylarda ABŞ-ın vasitəçiliyi ilə toqquşmalara son qoymaq məqsədilə bir neçə raund birbaşa danışıqlar aparıb. Müzakirə olunan razılaşmaya əsasən, Beyrut Hizbullahın tərksilah edilməsi öhdəliyini üzərinə götürüb, bunun müqabilində isə İsrail qüvvələrinin Livandan mərhələli şəkildə çıxarılması nəzərdə tutulub.
Hizbullah bəyan edib ki, İsrail qüvvələri Livan torpağında qaldığı müddətdə tərksilahı qəbul etməyəcək. Eyni zamanda İsrail də Cənubi Livana hücumlarını davam etdirib.