FARACA-nın İqtisadi Təhlükəsizlik Polisinin rəisi Hüseyn Rəhimi İran daxilindəki media qurumlarını və internet saytlarını hədələyib. O bildirib ki, bu qurumlar onun «süni şişirdilmiş valyuta qiyməti» adlandırdığı məzənnələri yaysalar, məhkəmə təqibi ilə üzləşəcəklər.
Rəhimi İranda valyutanın və dolların bahalaşmasını xaricdəki media qurumlarının və internet saytlarının «ab-hava yaratması» və real olmayan məzənnələr yayması ilə əlaqələndirib. O, bu mənbələrin açıqladığı qiymətlərin İranın valyuta bazarındakı real vəziyyətə uyğun gəlmədiyini iddia edib.
Onun sözlərinə görə, bundan sonra polis ölkə daxilində fəaliyyət göstərən və polisin «süni şişirdilmiş» hesab etdiyi məzənnələri açıqlayan media qurumları, internet saytları və portallar barəsində tədbir görəcək. Bu qurumlara qarşı məhkəmə araşdırması üçün iş açılacaq.
FARACA-nın İqtisadi Təhlükəsizlik Polisinin rəisi sosial şəbəkələrdə fəaliyyət göstərən xəbər portallarının idarəçilərini də hədələyib. O deyib ki, belə məzənnələri yayanları «sərt tədbirlər» gözləyir.