İran vətəndaşları 34 yaşlı Rəhman Salehi və 36 yaşlı Salam Əhmədiyan şənbə günü Londonun Vestminster məhkəməsinə çıxarılıblar. Prokurorlar onları Mançesterdə yəhudi icması ilə əlaqəli məkanlara əl istehsalı partlayıcı qurğu ilə hücum planlaşdırmaqda ittiham ediblər. Mançester Yəhudi Muzeyi və Hiton Park sinaqoqu ehtimal olunan hədəflər arasında göstərilib.
Prokurorluğun açıqlamasına görə, təqsirləndirilən şəxslər hədəfləri müəyyənləşdirmək üçün nəzərdə tutulan məkanları araşdırıb və müşahidə altında saxlayıblar. Onlar həmçinin Böyük Britaniyadan kənarda olan üçüncü bir şəxslə əlaqə saxlayıblar. Həmin şəxsin İran vətəndaşı olduğu və bu ölkədə yaşadığı ehtimal edilir. Prokurorluq bildirib ki, bu şəxs onlara partlayıcı qurğunun hazırlanması ilə bağlı təlimatlar verib.
Britaniya rəsmiləri bu işin Ferford hava bazasına qarşı şübhəli planla bağlı aparılan araşdırmadan ayrı olduğunu açıqlayıblar.