Türkiyə Aerokosmik Sənayesinin (TUSAŞ) baş direktoru Mehmet Demiroğlu bildirib ki, milli qırıcı KAAN-ın yeni prototipi sistem sınaqlarını başa vurub və yerüstü sınaqlar ilə yüksək sürətli taksi sınaqları mərhələsinə keçmək üzrədir.
Demiroğlunun sözlərinə görə, KAAN-ın ilk uçuşları P0 prototipi ilə həyata keçirilib. Qırıcının ilk əsas prototipi sayılan P1 isə sistem sınaqlarını tamamlayıb. Hər hansı problem və ya gecikmə yaşanmasa, P1-in ilk uçuşunu oktyabr və ya noyabr ayında, ən gec isə cari ilin sonunadək həyata keçirəcəyi gözlənilir.
Demiroğlu həmçinin ilk Hürkuş-II təlim təyyarələrinin Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verildiyini açıqlayıb. Hürjet layihəsində isə iki ilkin prototip indiyədək 600 saatdan artıq uçub. Üçüncü prototip ötən ay ilk uçuşunu yerinə yetirib, dördüncü prototipin də ilin sonunadək havaya qalxması planlaşdırılır. Təyyarələrin əvvəlcə Türkiyə Hərbi Hava Qüvvələrinə, daha sonra isə İspaniyaya təhvil verilməsi üçün yeni prototiplərlə kvalifikasiya və sertifikatlaşdırma uçuşları davam etdiriləcək.