ArazNews
Ana Səhifə / Bölgə / TEKNOFEST-də Türkiyə müdafiə sənayesinin güc nümayişi: «KAAN» və «ANKA-3» hücum PUA-sı yan-yana sərgilənib
Bölgə

TEKNOFEST-də Türkiyə müdafiə sənayesinin güc nümayişi: «KAAN» və «ANKA-3» hücum PUA-sı yan-yana sərgilənib

TEKNOFEST-də Türkiyə müdafiə sənayesinin güc nümayişi: «KAAN» və «ANKA-3» hücum PUA-sı yan-yana sərgilənib

Türkiyə müdafiə sənayesinin iki əsas layihəsi, hazırlanmaqda olan beşinci nəsil «KAAN» qırıcısı və «ANKA-3» hücum pilotsuz uçuş aparatı (PUA), ilk dəfə Şanlıurfada keçirilən «TEKNOFEST Cənub-Şərq» festivalında ictimaiyyətə nümayiş olunub.

Hər iki sistemi Türkiyə Aerokosmik Sənayesi şirkəti («TUSAŞ») hazırlayıb. Ankara 2030-cu illərdən etibarən F-16 qırıcılarını mərhələli şəkildə «KAAN» ilə əvəzləməyi planlaşdırır.

«KAAN»ın ilkin nümunəsi ilk uçuşunu 2024-cü ilin fevralında həyata keçirib. «ANKA-3» isə ilk uçuşunu 2023-cü ilin dekabrında edib. Açıqlanan məlumata görə, təxminən yeddi tonluq bu PUA 12 kilometrdən artıq hündürlüyə qalxa, təxminən 0,7 Max sürətlə uça və 10 saata qədər havada qala bilir.

«KAAN» hələ hazırlanma və sınaq mərhələsindədir. Türkiyənin beşinci nəsil qırıcı istehsal etmək imkanına malik az sayda ölkə sırasına qoşulması iddiası proqramın tam reallaşmasından və bu qırıcının istismara verilməsindən asılıdır.