Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan cəmiyyətində «revanşist» cərəyanların gücünü hələ də qoruyub saxladığını bildirərək bundan narahatlığını ifadə edib və İrəvan hökumətini öz cəmiyyətini sülhə hazırlamağa çağırıb.
Rəsmi AZƏRTAC agentliyinin məlumatına görə, Hacıyev «CAMCA Regional Forumu»nda çıxış edərkən bildirib ki, Bakı Yaxın Şərqdəki proseslərlə yanaşı, Ermənistan cəmiyyətində mövcud olan bəzi meylləri də narahatedici hesab edir.
O iddia edib ki, revanşist meyllər hələ də Ermənistan cəmiyyətinin müəyyən təbəqələrində, hətta gənclər arasında təsirə malikdir. Hacıyev əlavə edib ki, bu ölkənin hökuməti ictimai rəyi sülhə hazırlamaq üçün «ciddi şəkildə» səy göstərməlidir.
Hacıyev vurğulayıb ki, Azərbaycanın strateji məqsədi sülh gündəliyini davam etdirmək, onu regionda möhkəmləndirmək və sülhə əsaslanan regional arxitektura yaratmaqdır. Onun sözlərinə görə, bu yol Azərbaycan və Ermənistan arasında uzunmüddətli sabitliyi təmin edə bilər.