Aviasiya, kosmos və texnologiya festivalı «TEKNOFEST»in 15-ci mövsümü bu gün, 30 sentyabrda (8 mehr) Türkiyənin Şanlıurfa GAP Hava Limanında başlayıb və oktyabrın 4-dək davam edəcək. Beşgünlük tədbir texnologiya yarışlarına, aviaşoulara, sərgilərə və elmi seminarlara ev sahibliyi edir.
Builki texnologiya yarışlarına 99 ölkədən 1 milyon 600 mindən çox şəxs qeydiyyatdan keçib, 730 mindən artıq komanda arasından 2 min komanda final mərhələsinə yüksəlib. Şanlıurfa 14 kateqoriya üzrə yarışların finalına ev sahibliyi edəcək, ilkin mərhələni keçən komandalara 100 milyon lirədən çox maliyyə dəstəyi ayrılacaq.
«SOLOTÜRK» və «Türk Yıldızları» aviaşouları, ATAK helikopterləri, HÜRKUŞ təyyarəsi, eləcə də ANKA, Bayraktar TB2, TB3 və AKINCI pilotsuz uçuş aparatlarının iştirakı festivalın proqramına daxildir. Ziyarətçilər üçün həmçinin quru və dəniz texnikasının nümayişi, simulyator təcrübəsi və təhsil proqramları hazırlanıb; giriş pulsuzdur, lakin onlayn qeydiyyat tələb olunur.