- Şərifə Cəfəri
Mən, Güney Azərbaycanlı şair və yazıçı Şərifə Cəfəri, Berlində yaşayan bir sənətçi olaraq Bakıda Atatürk Mərkəzində keçirilən «Türk dünyası qadın şairlər buluşması»na qatılmaq şərəfini yaşadım. Türk Dünyası Qadın Şairlər Birliyinin təşəbbüsü ilə keçirilən bu görüş Türk dünyasının müxtəlif bölgələrindən gələn qadın şairləri bir araya gətirdi.
Mənim üçün Bakıya etdiyim bu səfər sadəcə bir ədəbiyyat tədbirinə qatılmaq demək deyildi. Bakı vətənimin o biri yarısıdır. Bu şəhərdə ortaq yaddaşımızın, dilimizin və mədəniyyətimizin bir parçasını yenidən hiss etdim. Bəlkə də elə bu üzdən Qazaxıstan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Başqırdıstan, Şimali Kipr, Şimali Makedoniya və Türk dünyasının başqa bölgələrindən gələn qadın şairlərlə birlikdə olmaq mənim üçün adi bir ədəbiyyat buluşmasından çox daha dərin məna daşıyırdı.
Bu görüşə hamımız müxtəlif coğrafiyalardan gəlmişdik; ancaq şeirimiz, dilimiz və ortaq mədəni köklərimiz aramızdakı uzaqlıqları azaldırdı. Mən də Güney Azərbaycanlı bir şair olaraq bu ortaq mədəniyyət coğrafiyasının bir parçasının səsini Bakıya daşımağa çalışdım. Bu səs illərdir dil, ədəbiyyat, köç və doğulub böyüdüyüm torpaqların xatirələri arasında şəkil almaqdadır.
Bu səfərdə mənim üçün dəyərli olan təkcə şeir oxumaq və ya danışıqlara qulaq asmaq deyildi. Türk dünyasının qadın şairləri və ziyalıları ilə tanış olmaq, yeni dostluqlar və ədəbi bağlar qurmaq, bu əlaqələrin buluşmadan sonra da davam etməsi üçün yollar axtarmaq mənim üçün çox dəyərli idi.
Bu gözəl buluşmanın reallaşması üçün əmək verən dəyərli şair və böyük mədəniyyət insanı Sərhad Kabaqlıya, Xuraman Muradovaya və əməyi keçən hər kəsə ürəkdən təşəkkür edirəm. Eləcə də bu günlərdə sevgiləri, dostluqları və səmimiyyətləri ilə Bakını mənim üçün unudulmaz və gözəl bir xatirəyə çevirən bütün şair və mədəniyyət dostlarıma təşəkkür edirəm.
Bakıdan qayıtdım; ancaq ürəyimin bir parçası hələ də o şəhərdə qaldı. Çünki Bakı mənim üçün sadəcə xəritədə bir şəhər deyil. O, şeirimizdə, dilimizdə və ortaq yaddaşımızda yaşamağa davam edən böyük və geniş vətənin bir parçasıdır.
Şeir bəlkə coğrafi sərhədləri dəyişdirə bilməz; ancaq insanlar arasında elə bir körpü qura bilər ki, heç bir sərhəd o körpüdən keçən könül bağlarını qopara bilməz.