ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) açıqlayıb ki, Amerika qüvvələrinin və hərbi texnikasının Ərbil hava bazasından çıxarılması bu gün, 30 sentyabrda (8 mehr) tamamlanıb və «Sarsılmaz Qətiyyət» əməliyyatının İraqdakı missiyası başa çatıb. ABŞ və koalisiya qüvvələrinin İraq mərkəzi hökumətinin idarəsi altında olan ərazilərdən çıxarılmasına ötən ilin oktyabr ayında başlanılmışdı.
CENTCOM-un bildirdiyinə görə, bu addım əməkdaşlığın ABŞ və İraq arasında ikitərəfli müdafiə münasibətləri çərçivəsinə keçirilməsinin bir hissəsidir. «Sarsılmaz Qətiyyət» əməliyyatının Birgə Qərargahı fəaliyyətini davam etdirir və hazırda İordaniyada yerləşir. Suriyada İŞİD-ə qarşı mübarizə missiyası da koalisiya tərəfdaşları və Suriya hökuməti ilə əməkdaşlıq şəraitində davam etdiriləcək.
CENTCOM-un komandanı admiral Bred Kuper deyib ki, İŞİD artıq İraqın milli təhlükəsizliyi üçün struktur təhdid hesab olunmur və İraqın təhlükəsizlik qüvvələri, o cümlədən peşmərgələr və İraq Kürdüstan bölgəsinin digər qüvvələri təhdidlərin öhdəsindən müstəqil şəkildə gəlmək imkanına malikdir. O vurğulayıb ki, ABŞ və koalisiya qüvvələri regionda İŞİD-in mümkün təhdidlərinə qarşı mübarizə aparmağa hazır olmaqda davam edəcək.