Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası olan maddənin ləğv edilməsini tələb edib.
O, "Haber Global" televiziya kanalına müsahibəsində deyib ki, alınan siqnallar Ermənistanda yeni Konstitusiyanın qəbulu prosesinin başladığını göstərir.
Hacıyev vurğulayıb ki, bu ərazi iddiaları aradan qaldırıldıqdan sonra Bakı yekun sülh sazişinin imzalanması üçün heç bir maneə görmür. Onun sözlərinə görə, hazırda da bölgədə sülh vəziyyəti əməli olaraq mövcuddur.
Azərbaycan prezidentinin köməkçisi Ankara və Bakı arasındakı qardaşlıq münasibətlərinə toxunaraq deyib: "Türkiyənin olmadığı masanın arxasında Azərbaycan var, Azərbaycanın olmadığı masanın arxasında isə Türkiyə var. Ölkələrimizin mənafeyinə qarşı atılan hər addıma qəti cavab veririk və bu proses davam edəcək."