İran rejiminin Xarici İşlər Nazirliyi yaydığı bəyanatda ABŞ-ın Hörmüz boğazında İran neft tankerinə və Qəşm adasındakı rabitə qülləsinə həyata keçirdiyi hücumları pisləyib, Küveyt və Bəhreyn hökumətlərinin bu əməliyyatda “birbaşa məsuliyyət daşıdığını” iddia edib.
ArazNews-un məlumatına görə, bəyanatda bildirilir ki, 3 iyun səhər saatlarında həyata keçirilən hücumlar iki regional ölkənin ərazisindən təşkil olunub və bu addım təkcə 8 aprel 2026-cı il tarixli atəşkəs anlaşmasının pozulması deyil, həm də BMT Nizamnaməsi və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
İran rejiminin Xarici İşlər Nazirliyi həmçinin ABŞ-ın bölgə ölkələrinin ərazisindən, imkanlarından və hərbi bazalarından istifadə edərək İrana qarşı əməliyyatlar keçirməsinin həmin ölkələri də bu hadisələrin nəticələrində məsul tərəfə çevirdiyini bildirib. Bəyanatda xüsusilə Küveyt və Bəhreyn rəhbərlərinin birbaşa məsuliyyət daşıdığı vurğulanıb.
Küveytin dövlət xəbər agentliyi isə çərşənbə günü İranın pilotsuz uçuş aparatları və raketlərlə Küveyt Beynəlxalq Hava Limanına hücum etdiyini, nəticədə yaralananların olduğunu, bəzi reyslərin dayandırıldığını və istiqamətinin dəyişdirildiyini açıqlayıb.