İsrailin Baş naziri Benyamin Netanyahu Donald Trampla son gərgin telefon danışığından sonra ABŞ administrasiyasının İsrail ordusunun Livandakı fəaliyyət azadlığını daha da məhdudlaşdıra biləcəyindən narahatdır.
ArazNews-un İsrailin Kanal 12 telekanalına istinadən verdiyi məlumata görə, İsrail rəsmiləri Vaşinqtonun Beyruta zərbələrə qarşı çıxmaqla kifayətlənməyərək, Livandakı digər hərbi əməliyyatlara da əlavə məhdudiyyətlər tətbiq edə biləcəyindən ehtiyat edir. Məlumata görə, Netanyahu ABŞ-ın İsrail ordusunun yalnız hərbçilərə qarşı təcili təhlükə yarandığı hallarda əməliyyat keçirməsini tələb edə biləcəyindən narahatdır.
Hesabatda bildirilir ki, Tramp Netanyahu və İsrailin müdafiə naziri İsrael Katsın birgə bəyanatından, eləcə də Netanyahunun Beyrutu hücumla hədələdiyi videodan qəzəblənib. Kanal 12-yə danışan yüksək vəzifəli amerikalı rəsmiyə görə, Tramp Netanyahunun “nəzarətdən çıxdığını” və ABŞ ilə İran arasında davam edən danışıqları təhlükəyə ata biləcəyini düşünüb.
İsrail mənbələri bu telefon danışığını “çox pis keçən söhbət” kimi qiymətləndiriblər. Məlumata görə, Tramp Netanyahudan Beyruta hücum planını dərhal dayandırmağı və İranla aparılan danışıqlara zərər verə biləcək addımlardan çəkinməyi tələb edib. Kanal 12 həmçinin bildirib ki, İsrail Beyruta zərbə endirməyə hazır idi və yalnız ABŞ-ın yekun təsdiqini gözləyirdi. Lakin Tramp əməliyyatın qarşısını almaq üçün şəxsən müdaxilə edib.